Mirmehdi Ağaoğlu
İslama xüsusi
rəğbət duyduğunu “Qurana nəzirə” şeirindən bildiyimiz Aleksandr Sergeyeviç
Puşkin Qafqaz sürgünündən qayıtdıqdan sonra “Peyğəmbər” şeirini (1826-cı ildə)
yazmışdı.
Şeir Hz. Məhəmmədə həsr olunmuşdu.
Şeirin zamanında cəmiyyətdə geniş əks-səda
doğurmuşdu. Hətta daha sonralar Dostoyevski, Bulqakov və başqaları tərəfindən
çox yüksək qiymətləndirilmişdi.
Mütəxəssislərin fikrincə şeir sürgünündən
qayıtmış şairin Çara xitabı idi: “Şair də peyğəmbərdi, ona toxunmaq olmaz. Onun
da sözləri vəhydir, ilahi kəlamdır.”
Puşkin şairlə peyğəmbəri eyniləşdirmiş,
onu ucaldaraq dünya hakimi olan çarlardan, hökmdarlardan da yüksək mərtəbəyə
qaldırmışdı.
Şairin rus araşdırmaçıları şeirin Məhəmməd
peyğəmbərə həsr olunduğu da o qədər qabardılmır.
Puşkinin eramızdan əvvəl VIII əsrdə
yaşamış yəhudi peyğəmbəri Yeşayanın obrazını yaratdığını deyirlər. Yeşaya yəhudilərin
böyük peyğəmbərlərindən sayılır. Məhz o Məsihin gələcəyini müjdələyib.
Bibliyaya görə Yeşayanın gözünə görünən
mələk müqəddəs qurbangahdan götürdüyü odla onun ağzına toxunur. Bundan sonra
Yeşaya təmizlənib, paklanır. Və peyğəmbərliyə başlayır.
Amma şeiri oxuyanda gözümüzün önündə
peyğəmbər barədə olan məşhur “Şarhı-Sadr” hadisəsi canlanır.
Əslində “Peyğəmbər” şeiri həmin məşhur
“Şarhı-Sadr” hədisinin poetik dillə ifadəsidir. Şairin gəldiyi nəticə də
olduqca dəqiq və dolğundur.
Əslində bu hədisin həqiqətdə baş
verib-verməməyi önəmli deyil. Vacib olan onun simvolik mənasıdır. İlahi sözü
insanlara çatıdacaq şəxsin adi insanlardan seçilməsi, onun arınıb təmizlənməsi
gərəkdir.
Hadisə bu cürdür: Balaca Məhəmməd bir
bahar günü süd qardaşı Abdullahla quzuları otarırmış. Quzuları qovmaqdan
yorulan uşaqlar çəmənlikdə uzanıb dincəlirlər. Abdullah yuxuya dalır. Kiçik Məhəmməd
də onlardan xeyli uzaqlaşmış quzuları qaytarmaq üçün dallarıyca qaçır.
Bir qədər getdikdən sonra qarşısına ağ
geyimli iki adam (onların insan cildinə girmiş mələk olduqları deyilir) çıxır.
Ağ geyimli adamlardan biri o birinə deyir ki, bu odurmu? O biri “hə” deyir. Ağ
geyimli qanadlı adamlardan birinin əlində içi qarla dolu qızıl tas olur. Onlar
Məhəmmədi tutub çəmənin üstünə uzadırlar.
Ağrısız şəkildə sinəsini yarıb ürəyini
çıxarır, içindəki laxta qan parçasını kənara tullayır, sonra ürəyinə nurdan
möhür vuraraq yenidən sinəsinə qoyurlar. Sonra qarın boşluğunu yarıb təmizləyirlər.
Yuxudan ayılanda qardaşının başına bu
işlərin gəldiyini görən Abdullah tez evə qaçaraq əhvalatı anasına danışır. Peyğəmbərin
süd anası Həlimə və əri hadisə yerinə gələndə balaca Məhəmməd ayaq üstəymiş və
üzü gülürmüş.
Ondan nə baş verdiyini soruşanda o
başına gələnləri danışır.
İslamda peyğəmbərin sinəsinin
yarılması və daxilinin təmizlənməsi hadisəsinin üç dəfə baş verməsi qeyd
olunur. Bunlardan biri lap körpə olan zaman, ikincisi, dediyimiz bu hadisə,
üçüncüsü də Merac gecəsi baş verib.
Hətta “Əl-İnşirah” (“Açılma və ya genişlənmə”)
surəsinin birinci ayəsinin (“(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və
hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?!
(Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə
sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)”) bu hədisə
işarə olduğunu deyənlər də var. Bir çox islam mütəxəssisləri isə bununla
razılaşmır, bu ayədəki “genişlətmək” felinin məcazi mənada olduğunu deyirlər.
“Şarhı-Sadr” hadisəsi islamda qəbul
olunur. Və bu hadisənin məcazi mənası da bundan ibarətdir ki, “Şarhı-Sadr” Məhəmmədə
peyğəmbərlik verməmişdən əvvəl onu seçilmiş etmək, sıravi insanlardan fərqləndirmək
üçün, qəlbindən şeytanı bir dəfəlik qovmaq üçün baş verib.
Şeir də bunu demirmi? Quzu otaran uşağa
uşağa altıqanadlı mələk yanaşır və onun bütün üzvlərini qulaqlarını, gözlərini,
ağzını adi insani çirkinlikdən təmizləyir. Bax, bundan sonra o yenidən dirilir.
Artıq insanlığa Tanrı sözünü çatdırmağa hazırdır.
Peyğəmbər
Ruhumu təngidən bir
yanğıyla mən,
Sərgərdan gəzirkən kimsəsiz
düzdə,
Yollar ayrıcında çıxdı qəfildən
Altıqanad mələk yolumun
üstə;
Əliylə gözümə elə toxundu
–
Hürkmüş bir qartalın ayıq
gözütək
Açılıb gözümdə nurlandı bəbək.
Elə ki, toxundu
qulaqlarıma –
Səs-küylə doldurub çəkdi
tarıma:
Aydınca eşitdim göyün səsini,
Orda mələklərin süzməyini
də.
Çöldə tənəklərin titrəməsini,
Suda dənizlərin üzməyini
də.
Hələ tərpənməmiş durduğum
yerdən
Əyilib ağzıma saldı əlini;
Çəkib boğazımdan çıxartdı
birdən
Günahkar dilimi, şeytan
dilimi.
Ağzımın beləcə keyimiş
vaxtı
Hikmət iynəsini – ilan
dilini
Gətirib dilimin yerinə
taxtı.
Sonra bir qılıncla
köksümü yarıb,
Titrək ürəyimi ordan
çıxarıb,
Yerinə köz qoydu, alışan
bir köz,
Dedi: bundan belə bu
ağrıya döz.
Qaldım meyid kimi kimsəsiz
düzdə.
Tanrı dilə gəldi başımın
üstdə:
«Oyan, ey peyğəmbər, həm
gör, həm eşit, –
Mənim istəyimlə get dolan
rəşid;
Sən ellər dolaşıb, dənizlər
adla,
Bəşər ürəyini sözünlə
odla!»
Şeir “Aleksandr Sergeyeviç
Puşkin. Seçilmiş əsərləri “ kitabından götürülüb (Bakı 2012). Kitabın tərtibçisi və tərcüməçisi Eyvaz
Borçalıdır.